Bütün azərbaycanlıların
dilində aforizmə çevrilən kitab Azərbaycanın Masallı rayonunda qorunub
saxlanılır.
“Region Xəbərləri Azərbaycan” xəbər verir
ki,Masallı rayon Ərkivan kənd sakini Hacı Həmid Məmmədov "Tarixi
Nadir" kitabı bu günə kimi qoruyub saxlayır.
"Tarixi Nadir" kitabı 1736-1747-ci illərdə hakimiyyətdə
olan türk soylu Əfşarlar sülaləsinin banisi Nadir Şah haqqındadır. O, Azərbaycan,
Türküstan və Hindistanın şahı olub. Bəzi tarixçilər ona hərbi nailiyyətlərinə
görə "Şərqin Napoleonu" və ya "İkinci Makedoniyalı İskəndər"
ləqəblərini veriblər.
Bəzi insanlar "Tarixi
Nadir" kitabının 3 səhifədən ibarət olduğunu ehtimal edir.Amma kəndin din
xadimlərindən olan Hacı Həmid Məmmədov bu ehtimala son qoyub-
“ Təxminən, 1977 -1978 ci olardı,babam mənə qədim "Qurani-Kərim"
hədiyyə etdi. Kitab qədimi idi və təmirə ehtiyacı var idi. "Quran"ı
rayonun Bədəlan kəndindəki bir kitab ustasının yanına apardım ki,kitabı təmir
etdirsin.Bir həftədən sonra "Quran"ı götürməyə gedəndə usta atama
dedi ki, "məndə "Tarixi Nadir" kitabı var, satıram.Rəhmətlik
atam da o vaxtkı 65 Sovet rubluna bu kitabı mənə aldı. O vaxtdan kitab atamdan
yadigar olaraq məndədir".
Maraqlısı budur ki, Hacı Həmidin "Tarixi Nadir" kitabının əslinə
sahib olması 2009-cu ildə üzə çıxıb. O, bu illər ərzində həmin kitabı evdə ata
yadigarı olaraq qoruyub saxlayıb.
"2009-cu il idi.Radio
kanallarından birində "Dİn və cəmiyyət" mövzusunda müzakirə gedirdi və
mən də müsahibə verirdim. Söhbət əsnasında bir söz işlətdim. Xanım aparıcı da
qeyri-ixtiyari olaraq "Mən "Tarixi Nadir" kitabını yarıya qədər
oxumuşam dediyinizdən heç nə anlamadım" cümləsini işlətdi. Mən sual etdim
ki, ""Tarixi Nadir" kitabı neçə səhifədir?" Xanım 3 səhifə
olduğunu bildirdi. Mən yenə başqa sualla müraciət etdim: "Xanım, siz şah
olsanız, Anadoludan Hindistana qədər ərazini fəth etsəniz, sizin haqqınızda cəmi
3 səhifəlik kitab yazılmasına razı olarsınızmı?". Xanım "Əlbəttə,
xeyr" dedi". Sonra həmin aparıcı xanım bu məsələni radioda müzakirəyə
çıxaracağını deyir: "Daha sonra mən bildirdim ki, kitab nə az, nə çox, düz
147 səhifədən ibarətdir. Xanım əvvəlcə inanmadı, mən kitabı gətirdim, o, bir
neçə şəkilini çəkib apardı Bakıya. Bir müddət sonra isə AMEA-dan bir komissiya
gəldi. Kitabın əsl nüsxə, yəni orijinal olmasını təstiq etdilər. Elə ondan sonra
da dilimizdən "3 səhifəlik "Tarixi Nadir" kitabı kəlməsi"
çıxarıldı. Beləliklə də 2009-cu ildən məşhur "Tarixi Nadir" kitabının
əsli meydana çıxdı.
Məlumat üçün bildirək ki,
kitabın əsl adı "Kitabi tarixi cahənkəşan məşhur və Tarixi Nadir"dir.
Hicri-qəməri tarixi ilə 1272-ci ildə çap edilib. Kitabın müəllifi Nadir şahın şəxsi
münşisi Mirzə Mehdi xandır. Kitabda bu kitabın əsl nüsxəsi olması haqqında qeyd
var və Molla Saleh adlı şəxsin mətbəəsində çap edildiyi bildirilir. Kitabda 3
möhür var, bunlar Şahın möhürü, kitabı çap edən mətbəənin möhürü və kitabı
yazan müəllifin möhürüdür. Azərbaycan multikulturalizminə dair silsilə kitablar
dərc olunacaq "Tarixi Nadir" kitabı nəstəliq xətti (Ərəb xəttatlıq
növü. Ərəb ölkələrində isə ona "fars xətti" deyirlər-red.) ilə
yazılıb. Bu da saray dili deməkdir. Kitab 147 səhifədən ibarətdir və sıx şəkildə
yazılıb. Kitabı tərcümə etdikdə, təxminən 400 səhifəlik kitab alınar. Bundan əlavə
kitabda Nadir şahin 11 illik hakimiyyəti vaxtı baş verən hadisələr dəqiq tarixi
ilə qeyd olunub, Azərbaycanın bəzi ərazilərinin adları yazılıb. Həmçinin
kitabda Nadir şahın Məşhəd şəhərini əfqanlardan azad etməsi, Hindistanı fəth
etməsi və s. tarixi hadisələr qeyd olunub. Kitab siyasi xarakterlidir və Nadir
şahın hakimiyyətindən 54 il sonra çap edilib.
Əlavə olaraq bildirək ki, Hacı
Həmid Məmmədovun evində qədimliyi ilə seçilən daha bir neçə kitabı var.

Yorum Gönder